İnsan ruhu qarşısında susan təkamül nəzəriyyəsi

İnsan ruhu qarşısında susan təkamül nəzəriyyəsi

Viktoriya dövründə İngiltərədə iki bioloq canlıların tamamilə təsadüfi proseslər nəticəsində bir-birlərindən törədiyi və insana qədər gəlib çıxan bir prosesdə inkişaf edib dəyişdikləri iddiasını ortaya atdı. Bu bioloqlar Çarlz Darvin və Alfred Rassel Uolles idi. Təbii seçmə yolu ilə təkamül haqqındakı ilk əsər Darvin və Uolles tərəfindən birlikdə hazırlanmışdı. Bioloqlar təkamül nəzəriyyəsi ilə bağlı bir-birlərilə rəqabət aparmaq əvəzinə bu uydurma nəzəriyyəyə verdikləri töhfələri qəbul etdilər. Hətta Uolles yazdığı “Darvinizm” adlı kitabla Darvinin təbii seçmə nəzəriyyəsini dəstəklədi. Darvin kitab barədə məlumat aldıqda “Darvinizm adından bəhs etməyin, çünki bu nəzəriyyə eyni zamanda Uollesizm də ola bilər“-deyə bildirmişdi.116

Lakin bu xəyal məhsulu nəzəriyyə ilə bağlı iki bioloqun yolları qısa müddət sonra ayrıldı.

Təkamül nəzəriyyəsinə görə canlılar bütün anatomik və fiziki xüsusiyyətləri ilə birlikdə tamamilə təsadüfi və şüursuz proseslər nəticəsində təbii seçmə yolu ilə bir-birlərindən törəyiblər. Bu iddiaya görə bir bakteriya ilə başlayan həyat həmin xəyali törəmə yolu ilə hazırkı canlı müxtəlifliyini meydana gətirib. Darvin təbii seçmə prinsipinin təkcə barmaqlar və ya burun kimi morfoloji xüsusiyyətlərin ortaya çıxmasını izah etməklə kifayətlənmədiyinə, həmçinin beyinin quruluşunu və zehni potensialımızı da müəyyənləşdirdiyinə inanırdı. Digər bir sözlə, Darvinə görə təbii seçmə insanların musiqi, incəsənət, ədəbiyyatla bağlı maraq və qərarlarına, düşüncə qabiliyyəti və zehin gücünə təsir edən, onları dəyişdirib inkişaf etdirən gücdür. Lakin Uolles bu fikri qəbul etmirdi. Darvinin prinsiplərinin barmaq və ayaq barmaqlarını və ya daha sadə xüsusiyyətləri açıqlaya biləcəyini düşünürdü. Lakin riyaziyyat və musiqi qabiliyyəti kimi üstün insani bacarıqların təkcə kortəbii təsadüflərin əsəri ola bilməyəcəyinə inanırdı.

Uollesin “kortəbii təsadüflərin Motsartın qabiliyyətlərinin mənbəyi olması“ iddiasına qarşı çıxmasının ən böyük səbəbi potensial zəka adlandırıla bilən cəhət idi. Uollesə görə məsələn, hazırda yaşayan aborigen xalqlarından oxuyub-yazmağı bilməyən gənc qəbilə üzvünü götürdüyümüzü fərz edək. Daha sonra bu gəncə Rio, Nyu-York və ya Tokioda müasir məktəbdə təhsil verək. Əlbəttə ki, bu şəhərlərdə böyüyüb başa çatan uşaqlardan heç bir fərqi olmayacaq. Uolles bunu belə açıqlayırdı ki, “aborigen və ya kromanyon öz təbii mühitinə uyğunlaşması üçün ehtiyacdan daha çox potensial zəkaya malikdir. Bu cür potensial zəka əslində təhsil yolu ilə əldə edilən kinetik zəka ilə müqayisə edilə bilər. Bəs bu potensial zəka niyə təkamül keçirdi? İngilis dilində təhsil verilən məktəblərdə latın dilini öyrənmək üçün ortaya çıxa bilməzdi. Riyaziyyat öyrənmək üçün də təkamül keçirmiş ola bilməzdi. Hər kəs kifayət qədər çalışsa bu mövzuda mütəxəssisləşə bilər. Bəs bu görünməz qabiliyyətlərin ortaya çıxmasını təmin edən çeşidləyici qüvvə haradan gəlib?“117 Uolles canlıların şüursuz proseslər nəticəsində bir-birlərindən törəyərək təkamül keçirdikləri hekayəsinə inandığı üçün insanların zəka inkişafının bu xəyali nəzəriyyənin hansı hissəsinə daxil edildiyini tapmağa çalışırdı. Lakin belə bir şey baş vermədiyi üçün bu iddianı müdafiə edəcək bir məntiq də ortaya çıxara bilmirdi.

Uolles bunu deyirdi:

“Bütün müasir yazıçılar insan nəslinin çox qədimə gedib çıxdığını etiraf etdiyi halda, bir çoxları zəkanın çox qısa müddət əvvəl meydana gəldiyi inancını davam etdirir. Onlar bizimlə eyni zəka səviyyəsinə sahib insanların eramızdan əvvəlki dövrlərdə yaşama ehtimalını düşünmürlər”.118

Müasir elm adamlarından Vileyanur S. Ramaçandran isə bunu belə açıqlayır:

“Neandertal və kromanyon insanlarının beyin həcmlərinin bizdən daha böyük olduğunu bilirik. Buna görə də gizli qalmış potensial zəkalarının homo sapienslə eyni, hətta daha çox olduğunu düşünmək heç də çətin deyil”.119

Əslində Darvin belə, nəzəriyyəsinin insan zəkasına dair bu xəyali inkişafı açıqlaya bilmədiyini açıq şəkildə etiraf edir. Hətta bundan ötrü nəzəriyyəsinin əsassız olduğunun irəli sürülə biləcəyini dilə gətirirdi:

“...İnsan zehin gücü baxımından bütün digər heyvanlardan o qədər fərqlidir ki, qənaətə gəlinən bu nəticədə (aşağı səviyyəli bir canlıdan törəmə) yanlışlıq ola biləcəyi irəli sürülə bilər”.120

Elə isə təkamüllə gerçəkləşməsi qeyri-mümkün olan bu inkişaf prosesinin açıqlaması nə idi? Uollesin buna verdiyi cavab belə idi: “Bunu Allah gerçəkləşdirib”. Uollesə görə “İnsanın zərifliyi İlahi lütfün dünya üzərindəki ifadəsi idi”.121

Məhz bu məqamda Uolles təkamülün hərəkətverici qüvvəsinin təbii seçmə olmasında israr edən və ən sirrli zehni xüsusiyyətlərin belə uca Varlıq tərəfindən yaradılmadan meydana gəldiyini iddia edən Darvindən ayrılmışdı. Darvin Uollesin iddialarını nəzəriyyəsi üçün böyük təhdid kimi qəbul etmiş və 1869-cu ildə Uollesə yazdığı məktubunda təbii seçmə nəzərdə tutaraq, “ümid edirəm ki, övladımızı öldürməyəcəksən“ demişdi.122 Əlbəttə ki, Uollesin gəldiyi bu nəticə materializmdən güc alan və Allahın varlığını inkar edə bilmək üçün ortaya atılmış təkamül nəzəriyyəsinə qəti uyğun gəlmirdi. Məhz bu səbəbdən Uollesin fikirləri çox qısa müddətdə ört-basdır edildi. Materialist çevrələr hər şeyin şüursuz proseslər nəticəsində meydana gəldiyini nəzərdə tutan anlayışı ön plana çıxarmalı idilər. Bunun da banisi Darvin olmuşdu.

 

İstinadlar:

116- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 189

117- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 190

118- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 190

119- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 191

120- Charles Darwin, İnsanın Türeyişi, Onur Yayınları, Nisan 1995, s. 85

121- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 191

122- Gerald M. Edelman ve Giulio Tontoni, A Universe of Consciousness “How Matter Becomes Imagination“, Basic Books, 2000, s. 81

Axtarış
Sosial