Materializmi elmi cəhətdən yox edən kəşf: kvant fizikası

Materializmi elmi cəhətdən yox edən kəşf: kvant fizikası

“Fiziki kainatın yaradılma forması ruhun varlığına işarə etməyə kifayətdir. Mən ruhu kvant mexanikası, yaxud fizikasında axtarmağa başladım. (Kvant fizikasına) əsasən fiziki dünyanın ruh ilə əlaqədar təməli ola bilər”.7 (Kaliforniya Universitetindən zərrəciklər üzrə tanınmış fizik Fred Alan Volf)

İsaak Nyutona görə işıq “korpuskul“ (“corpuscule”) adlı maddə axını idi. Tamamilə zərrəciklərdən meydana gəlirdi. Digər bir sözlə, kvant fizikası kəşf edilənədək qəbul edilən ənənəvi Nyuton fizikasının təməli işığın zərrəcik yığını olmasına əsaslanırdı. XIX əsr fiziklərindən Ceyms Klerk Maksvel isə işığın dalğa xüsusiyyəti göstərdiyini irəli sürmüşdü. Kvant nəzəriyyəsi fizikanın bu ən böyük mübahisəsini uzlaşdırdı.

1905-ci ildə Albert Eynşteyn işığın kvantlara, yəni enerji paketlərinə sahib olduğu iddiasını irəli sürdü. Bu enerji paketlərinə foton deyilirdi. Zərrəcik kimi adlandırılsalar da, fotonları 1860-cı illərdə Ceyms Klerk Maksvelin irəli sürdüyü kimi, dalğa hərəkətinə bərabər müşahidə etmək mümkün olurdu. Beləliklə, işıq dalğa və zərrəcik arasında keçid kimi idi.8 Lakin bu hal Nyuton fizikası baxımından olduqca böyük ziddiyyət təşkil edirdi.

Mənşəcə alman olan fizik Maks Plank Eynşteyndən sonra işıq üzərində tədqiqatlar apararaq işığın həm dalğa, həm də zərrəcik vəziyyətində ola biləcəyini irəli sürdü və bütün elm dünyasını təəccübləndirdi. Kvant nəzəriyyəsi adı altında ortaya atdığı bu nəzəriyyəyə görə enerji düz və daimi deyil, kəsik, qopuq və nöqtəli paketlər halında yayılırdı (kvant sözü latınca “kəmiyyət“, fizikada isə “zərrəcik“ deməkdir). Bu düşüncə riyaziyyata Plank sabiti kimi daxil oldu. Kvant hadisəsində işıq həm maddə, həm də dalğa xüsusiyyəti daşıyırdı. Fotonu kosmosda həm də dalğa müşayiət edirdi. Yəni işıq kosmosda hərəkət edən vaxt dalğa kimi, önünə maneə çıxdıqda aktiv zərrəcik kimi hərəkət edirdi. Başqa sözlə desək, işıq önünə bir maneə çıxanadək enerji şəklini alır, bir maneə ilə qarşılaşdıqda isə sanki maddi mövcudluğu varmış kimi qum dənələrini xatırladan zərrəciklər formasını alırdı. Bu nəzəriyyə Plankdan sonra Albert Eynşteyn, Nils Bor, Lui De Broyl, Ervin Şrödinger, Verner Heyzenberq, Pol Dirak və Volfqanq Pauli kimi elm adamları tərəfindən inkişaf etdirildi. Hər birinə bu böyük kəşfə görə Nobel mükafatı verildi.

Amit Qosvami işığın bu yeni kəşf edilmiş xüsusiyyəti ilə bağlı bunları deyirdi:

“İşıq dalğa kimi göründüyü vaxtlarda eyni anda iki və ya daha çox yerdə olma qabiliyyətinə malikdir. Bir çətirin dəliklərindən keçir və səpələnmə xüsusiyyəti göstərir. Lakin işığı bir fotolentdə gördüyümüz vaxt zərrəcik dənələri kimi müəyyən aralıqlara malik nöqtə-nöqtə olur. O zaman işıq həm zərrəcik, həm də dalğa olmalıdır. Ziddiyyətlidir, elə deyilmi? Bəhs olunan köhnə fizikanın sipərlərindən biri: birdən artıq şərhə yer verməyən qəti bir izahdır. Haqqında danışılan  digər şey isə obyektivlik anlayışıdır. İşığın təbiəti, yəni işığın nə olduğu, onu necə müşahidə etdiyimizdən asılıdırmı?”9

Elm adamları artıq maddənin cansız, kor və anlaşılmayan zərrəciklər olduğuna inanmırdılar. Digər bir sözlə, kvant fizikası materialist məna daşımırdı. Çünki maddədə maddi olmayan bir şey vardı. Eynşteyn, Filip Lenard və Kompton işığın zərrəcik quruluşunu tədqiq edərkən Lui De Broyl da dalğaların quruluşunu tədqiq etməyə başladı. Broylun kəşfi heyrətamiz idi. Apardığı tədqiqatlar nəticəsində subatom zərrəciklərin də dalğa xüsusiyyətləri göstərdiklərini müşahidə etdi. Elektron proton kimi zərrəciklərə də dalğa boyunca müşayiət edir. Yəni materializmin mütləq maddə kimi səciyyələndirdiyi atomun daxilində materialistlərin inancının əksinə maddə deyil, əslində mövcud olmayan enerji dalğaları var idi. Atomun daxilindəki bu kiçik zərrəciklər eynilə işıq kimi istədikləri vaxt dalğa, istədikləri vaxt da zərrəcik xüsusiyyəti göstərirdilər. Yəni materialist açıqlamaya görə atomun daxilində “mütləq şəkildə mövcud olan maddə“ materialistlərin ehtimallarının əksinə bəzən görünür, bəzən də yox olurdu. Bu əhəmiyyətli kəşf real dünya zənn etdiyimiz görüntülərin kölgə varlıq olduğunu, maddənin fizikadan tamamilə uzaqlaşdığını və metafizikaya yönəldiyini göstərirdi.10

Fizik Riçard Feynman subatom zərrəcikləri və işıqla əlaqədar bu maraqlı həqiqəti bu sözlərlə açıqlayırdı:

“Elektronların və işığın necə davrandığını artıq bilirik. Bəs necə davranırlar? Zərrəcik kimi davrandıqlarını söyləsəm, yanlış təəssürat yaradaram. Dalğa kimi davranırlar desəm, yenə eyni şey olar. Onlar özlərinə məxsus, bənzərsiz şəkildə hərəkət edirlər. Buna texniki cəhətdən “kvant mexanizminin davranış forması“ deyə bilərik. Bu, daha əvvəl gördüyünüz heç nəyə bənzəməyən davranış formasıdır... Hər hansı bir atom yayın ucuna asılıb yellənən ağırlıq kimi hərəkət etmir. Nüvəni əhatə edən bulud və ya duman təbəqəsinə də bənzəmir. Daha əvvəl gördüyünüz heç nəyə bənzəməyən tərzdə hərəkət edir. Bir sadələşdirmə apara bilərik. Elektronlar müəyyən mənada eynilə fotonlar kimi davranırlar, ikisi də eyni şəkildə “qəribədir“. Necə davrandıqlarını qavramaq xəyal gücü tələb edir, çünki qavrayacağımız şey bildiyiniz hər şeydən fərqlidir... Bunun niyə belə olduğunu isə heç kəs bilmir“.11

Bütün bunları xülasə etsək, kvant mexaniklərinin söylədikləri odur ki, obyektiv dünya bir illüziyadır.12 Maks Plank adına Fizika İnstitutunun rektoru professor Hans-Peter Dürr bu həqiqəti belə yekunlaşdırır:

“Maddə hər nədirsə, maddədən meydana gətirilməyib”.13

1920-ci ildə ən tanınmış fiziklər Pol Dirakdan Nils Bora, Albert Eynşteyndən Verner Heyzenberqə qədər hər kəs kvant təcrübələrinin nəticələrini açıqlamağa çalışdı. Nəticədə 1927-ci ildə Brüsseldə Beşinci Solvey Fizika Konqresində bir qrup fizik (Bor, Maks Born, Pol Dirak, Verner Heyzenberq və Volfqanq Pauli) kvant mexanikasının Kopenhagen təfsiri adlı razılığa gəldilər. Bu ad, qrupun başçısı Borun işlədiyi yerin adı idi. Bor kvant nəzəriyyəsinin nəzərdə tutduğu fiziki həqiqətin bir sistemə dair bizim sahib olduğumuz məlumat olduğunu və bu məlumata arxalanaraq ortaya atdığımız təxminlər olduğunu irəli sürdü. Buna görə də bizim beynimizdəki bu “təxminlərin“ “xarici aləmdəki“ reallıqla əlaqəsi yox idi. Yəni “daxilimizdəki dünya“ Aristoteldən etibarən fizikləri maraqlandıran başlıca mövzu olan “xarici aləmdəki həqiqət“ dünya ilə əlaqədar deyildi. Fiziklər bu fikirlə bağlı keçmiş düşüncələrini bir kənara qoymuş və kvant anlayışının fiziki sistem üzərində yalnız “bizim məlumatımızı“ təmsil etməsi ilə bağlı həmfikir olmuşdular.14 Digər bir sözlə, bizim qavradığımız maddi dünya yalnız bizim beynimizdəki məlumatlar sayəsində mövcud olur. Yəni xarici aləmdəki maddənin əsli ilə heç vaxt təmasda ola bilmirik.

Cefri Şvarts Kopenhagen təfsirinə görə ortaya çıxan nəticəni belə ifadə edirdi:

“Fizik Con Arçibald Uilerin dediyinə görə “Heç bir hadisə müşahidə edilmədən baş vermir“.15

Xülasə, kvant mexanikasının bütün ənənəvi şərhi “qavrayanın“ varlığına əsaslanırdı.16

Amit Qosvami bu həqiqəti belə ifadə etmişdi:

“Bu sualı verdiyimizi fərz edək: yuxarıya baxmadığımız vaxt Ay hələ də öz yerindədir? Ay kvant obyekti olduğu üçün (tamamilə kvant obyektlərindən meydana gəldiyi üçün) fizik David Mermin də ifadə etdiyi kimi, buna “xeyr” deməliyik.

“Bəlkə də ən əhəmiyyətli və uşaqlığımızda mənimsədiyimiz ən böyük zənn xarici aləmdə mövcud olan obyektlərin maddi aləminin, müşahidə edənlərin meydana gətirdiyi obyektlərdən müstəqil olmasıdır. Bu zənnin lehində dolayı dəlillər var. Məsələn, biz Aya baxdığımız vaxt onun hesablanmış orbitində olmasını umduğumuz yerdə görürük. Əlbəttə ki, biz ona baxmasaq da, zaman-məkan anlayışı çərçivəsində Ayın mütləq orada olduğunu zehnimizdə canlandırırıq. Kvant fizikası isə buna “xeyr” cavabını verir. Biz Aya baxmadığımız vaxt cüzi miqdarda da olsa, onun dalğaları yayılır. Biz ona baxdığımız vaxt dalğa dərhal yox olur və dalğa artıq zaman-məkan anlayışı çərçivəsində olmur. İdealist metafizik fərziyyəni ifadə etmək məsələni daha da aydınlaşdıracaq: əgər ona baxan şüurlu insan yoxdursa, zaman-məkan anlayışı içində heç bir obyekt yoxdur”.17

Əlbəttə ki, bu, bizim qavraya biləcəyimiz çərçivədədir. Əlbəttə ki, xarici aləmdə Ay olduğu aydındır. Lakin biz Aya baxdığımız vaxt ancaq öz qavrayışımızdakı varlığı ilə qarşılaşırıq.

Kaliforniya Universitetindən nevrologiya və psixiatriya üzrə professor Cefri Şvarts isə kvant fizikasının göstərdiyi bu həqiqətlə əlaqədar “The mind and the brain” (Zehin və beyin) kitabında bu sətirlərə yer verir:

“Kvant fizikasındakı müşahidəni güclü şəkildə ifadə etmək olmur. Klassik fizikada (Nyuton fizikası) müşahidə edilən sistemlər onu müşahidə edən və araşdıran şüurun varlığından müstəqil şəkildə mövcuddur. Lakin kvant fizikasında yalnız müşahidə nəticəsində fiziki kəmiyyətin həqiqi dəyəri olur”.18

Cefri Şvarts müxtəlif fiziklərin mövzu ilə bağlı söylədiklərini belə yekunlaşdırır:

“Ceykob Bronovskinin “The ascent of man“ kitabında ifadə etdiyi kimi, “Fizika elmlərinin məqsədlərindən biri maddi dünyanın tam görüntüsünü vermək idi. XX əsrdə fizikadakı ən böyük müvəffəqiyyətlərdən biri isə bu məqsədin imkansız olduğunu sübut etmək oldu.

Heyzenberqə görə isə obyektiv həqiqət “buxar olub uçub“. 1958-ci ildə bunları etiraf etmişdir: “Kvant nəzəriyyəsində riyazi düstur formasında ifadə etdiyimiz təbiət qanunları artıq doğrudan da zərrəciklərlə deyil, zərrəciklər haqqındakı məlumatımızla əlaqədardır.

Bor isə deyirdi ki, “Fizikanın vəzifəsi təbiətin necə olduğunu araşdırmaqdır” fikri yanlışdır, fizika təbiət haqqında bizim nə söyləyəcəyimizlə əlaqədardır”.19

Ölkəmizdə də yayımlanan “What the bleep do we know“ (Nə bilirik ki?) sənədli filmindəki qonaq fiziklərdən Fred Alan Volf isə bu həqiqəti belə dilə gətirir:

“Obyektləri meydana gətirən daha çox obyekt deyil. Obyektləri meydana gətirən fikirlər, anlayışlar və məlumatlardır”.20

80 il mövcudluğunu davam etdirən insan zəkasının edə biləcəyi ən maraqlı və həssas təcrübələrdən sonra qəti və elmi cəhətdən sübut edilən kvant fizikasına qarşı heç bir əks fikir yoxdur. Aparılan təcrübələrin verdiyi nəticəyə dair də əks fikir yoxdur. Kvant nəzəriyyəsi yüzlərlə müxtəlif sınaqlardan və elm adamlarının apardığı hər cür testdən keçib.21 Bir çox elm adamına Nobel mükafatı qazandırıb və hələ də qazandırır. Qeyd-şərtsiz tək həqiqət kimi qəbul edilmiş Nyuton fizikasının gətirdiyi ən təməl anlayışı, mütləq maddə anlayışını yox edib. Keçmiş fizikanın tərəfdarları, maddənin tək və həqiqi varlıq olduğuna inanan materialistlər kvant fizikasının gətirdiyi “maddəsizlik“ həqiqəti qarşısında sözün əsl mənasında çətin vəziyyətə düşüblər. Artıq bütün fizika qanunlarını metafizik çərçivədə axtarmaq məcburiyyətindədirlər. Bu böyük şok XX əsrin əvvəllərində materialistlərdə bu sətirlərdə ifadə edilə bilməyəcək qədər böyük təəccüb oyadıb. Kvant fiziki Brays Devit (Bryce Dewitt) və Nil Qrem (Neil Graham) bu vəziyyəti belə təsvir edirlər:

“Müasir elmdəki heç bir kəşf insan düşüncəsində kvant nəzəriyyəsinin kəşfindən daha dərin iz qoya bilməyib. Əsrlər boyu meydana çıxan düşüncə qəliblərindən əziyyət çəkən bir nəsil əvvəlki fiziklər indi yeni metafizik düşüncəni qəbul etmək məcburiyyətində qalıblar. Bu yeni istiqamətlənmənin gətirdiyi çətinlik dövrümüzədək davam edib. Fiziklər ciddi itki ilə üzləşiblər, bu da həqiqətə olan inamları idi”.22

 

İstinadlar:

7- Can Science Seek to Soul, https://www.closertotruth.com/roundtables/can-science-seek-the-soul

8- George Gilder http://www.taemag.com/issues/articleid.17078/article_detail.asp; George Gilder, Science And Religion Reconciled, https://www.forbes.com/asap/1998/0601/110_8.html

9- Amit Goswami, The Self-Aware Universe “How Consciousness Creates the Material World“, Tarcher / Penguin Books, 1995, s. 31

10- David Pratt, Beyond Materialism, http://www.theosophy-nw.org/theosnw/science/prat-mat.htm

11- Richard Feynman, The Character of Physical Law, Türkçe baskı: Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 149-151.

12- Thomas J. McFarlane, “The Illusion of Materialism“ http://www.integralscience.org/materialism/materialism.html

13- Peter Russell, The Primacy of Consciousness, https://www.peterrussell.com/SP/PrimConsc.php

14- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain “Neuroplasticity and the Power of Mental Force“, Regan Books, 2003, s. 272-273

15- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain “Neuroplasticity and the Power of Mental Force“, Regan Books, 2003, s. 274

16- Roger Penrose, The Road to Reality, Alfred A. Knopf, 2006 s. 1031

17- Amit Goswami, The Self-Aware Universe “How Consciousness Creates the Material World“, Tarcher / Penguin Books, 1995, s. 59-60

18- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain “Neuroplasticity and the Power of Mental Force“, Regan Books, 2003, s. 264

19- Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain “Neuroplasticity and the Power of Mental Force“, Regan Books, 2003, s. 274

20- What the Bleep Do We Know?, Documentary, Directed by: William Arntz, Betsy Chasse

21- Nick Herbert, Temel Bilinç, Ayna Yayınevi, 1999, s. 146

22- Nick Herbert, Temel Bilinç, Ayna Yayınevi, 1999, s. 143

 

Axtarış
Sosial