Beyinin içindəki mənzərəni seyr edən kimdir?

Beyinin içindəki mənzərəni seyr edən kimdir?

Bir cisimdən gələn işıq torlu qişanın üzərinə düşür və daha sonra emal olunması üçün beyində təxminən otuz fərqli görmə mərkəzinə ötürülür. Göz büllurundan keçən işıq gözün arxa tərəfindəki torlu qişa üzərində başıaşağı və iki ölçülü görüntü yaradır. Torlu qişadakı çöpcüklər və kolbacıqlar bəzi kimyəvi əməliyyatlardan sonra bu görüntünü elektrik siqnalına çevirirlər. Bu elektrik siqnalları göz sinirləri vasitəsilə beyinin arxa hissəsində yerləşən görmə mərkəzinə ötürülür. Beyin isə gələn bu siqnalı mənalı və üç ölçülü görüntülərə çevirir. Kreyq Hamiltonun dediyi kimi, “bu indiyədək heç kəsin qənaətbəxş həll gətirə bilmədiyi problemdir”. Lakin biz dərk etməliyik ki, hər gözümüz görüntünün fərqli hissəsini görür, beynimiz isə onu bütöv formaya salır“.48 Verilən bu izahlar ümumi mənada gözün necə gördüyünü təsvir edir. Gözlər əslini heç vaxt bilməyəcəyimiz görüntünün xarici aləmdə yaranma mərhələlərinin birinci mərhələsini təşkil edir. Xarici aləmdə mövcud olan dünya gözdən keçən işıq sayəsində elektrik siqnalları vasitəsilə daxildə, beynimizin çox kiçik nöqtəsində yaranır. Başımızı qaldırıb ətrafımıza baxdığımız vaxt gördüyümüz görüntü ucsuz-bucaqsız da olsa, əslində beynimizin içindəki bu kiçik nöqtədə meydana gəlir. Bu ucsuz-bucaqsız görüntünün əslinin gördüyümüz görüntüyə bənzəyib bənzəmədiyini isə heç vaxt bilə bilmərik.

Kembric Universitetinin riyaziyyat və nəzəri fizika fakültəsindən Piter Rassel bu həqiqəti belə yekunlaşdırır:

“Bir ağaca baxdığım vaxt birbaşa həmin ağacı gördüyümü zənn edirəm. Lakin elm tamamilə fərqli şeyin baş verdiyini deyir. Gözə düşən işıq torlu qişada kimyəvi reaksiyaları hərəkətə gətirir, onlar isə beyinə gedən sinir lifləri boyu hərəkət edən elektrokimyəvi impulslar meydana gətirirlər. Beyin aldığı məlumatları təhlil edir və sonra xarici aləmdə mövcud olan obyektə dair öz görüntüsünü meydana gətirir. Daha sonra mən ağac görüntüsünü görürəm. Lakin mənim gördüyüm ağacın özü yox, onun zehnimdə yaranan görüntüsüdür. Bu dediyim hər şeyə aiddir. Bildiyimiz, qavradığımız və xəyal etdiyimiz hər şey, hər rəng, səs, duyğu, düşüncə, hiss zehində yaranan görüntüdür. Bütün bunlar zehnin öz şəkilləndirməsidir”.49

Bütün bunlar bizə önəmli həqiqəti göstərir. Biz həyatımız boyu dünyanının bizdən kənarda olduğunu zənn edirik. Halbuki dünya hər şeyi ilə birlikdə bizim daxilimizdədir. Biz özümüzdən kənarda zənn etdiyimiz dünyanı əslində beynimizin içindəki kiçik nöqtədə görürük.

Xarici aləmdəki dünyanın əslini görə bilmədiyimiz və hər şey beyində yaranan bir hiss olduğu üçün görən həqiqətən “göz“dürmü?

Həyatımız boyu bütün xarici aləmi gözlərimizlə gördüyümüzü zənn edirik. Halbuki gözün görmə funksiyasını gerçəkləşdirməsi üçün verilən elmi tərif görənin göz olmadığını izah etməkdir. Gözlər və gözlərə aid milyonlarla sinir hüceyrəsi yalnız görmə hadisəsinin gerçəkləşməsi üçün beyinə mesaj ötürən kabel funksiyasını daşıyır. Torlu qişa üzərinə düşən işıq zərrəciklərini qəbul edir və bunları elektrik siqnalına çevirərək beyinə ötürür. Yəni burada havadan gələn işıq dalğalarının, yağ, zülal və sudan meydana gələn torlu qişa və ötürülən elektrik siqnallarından söhbət gedir. Beyində bağçada qaçan uşaqlar, mavi buludsuz səma, dənizi yara-yara üzən gəmilər yoxdur. Mövcud olan yalnız elektrik siqnallarıdır.

Bəs beynimizdə bütün bu hisslərin meydana gəldiyi, görüntülərin canlandığı, səslərin eşidildiyi, qoxuların əmələ gəldiyi yer varmı? Beyini diqqətli şəkildə araşdırsaq, bir-birilə qarşılıqlı təsirə girən neyronlar, onlar arasındakı kimyəvi və elektrik əlaqələri ilə qarşılaşarıq. Lakin beyinin heç bir yerində rənglərin, şəkillərin, yazıların və xarici aləmə dair digər şeylərin görüntülərini tapa bilmərik. Beyinin heç bir yerində yarpaqları hərəkət edən yaşıl ağac, alış-veriş edən izdihamlı insan kütləsi, evlər, avtomobillər, mebellər yoxdur. Beyinin heç bir yerində bizə baxıb gülümsəyən dostumuz, anamız və ya atamız yoxdur. Hal-hazırda oxuduğunuz bu jurnalın görüntüsü beyinin heç bir yerində yoxdur. Bir sözlə, ətrafımızda gördüyümüzü zənn etdiyimiz dünya nə xarici aləmdə, nə də beyindədir.

Görüntünün beyində olduğunu iddia edən elm adamları bu sualı cavablandırmalıdırlar: “Əgər beyində görüntü meydana gəlirsə, onda bu görüntünü seyr edən kimdir?”

San-Diyeqo Kaliforniya Universitetinin Psixologiya fakültəsi və Neyroelm Proqramı professoru, həmçinin Beyin və Koqnitivlik Mərkəzinin rəhbəri Vileyanur S. Ramaçandran “Phantoms in the brain” (Beyinin aldanışları) adlı kitabında bu vəziyyəti belə açıqlayır:

“Əlində tutduğu stəkandakı içkiyə baxdı. “Göz almamın daxilinə bu stəkanın başıaşağı görüntüsü düşür. Açıq və tünd rəngli görüntülərin hərəkətləri torlu qişamın üzərindəki fotoreseptorları aktivləşdirir və görüntülər yol boyu (bu yol optik sinirdir) tək-tək piksellər halında ötürülür. Beynimin içindəki ekranda da göstərilir. Bu stəkanı da eynilə bu cür görmürəmmi? Əlbəttə ki, beynim görüntünü yenidən çevirib düzəltməlidir“.

Onun fotoreseptor və optika haqqında məlumatları valehedici olsa da, beyinin hər hansı bir yerində görüntülərin seyr edildiyi ekran olması ilə bağlı sözündə böyük məntiqsizlik var. Çünki daxili neyronlara bağlı ekranda stəkanın görüntüsünü seyr edə bilsəydiniz, beyninizin içində bunu görməsi üçün digər kiçik insana ehtiyac duyardınız. Bu da problemi həll etməyəcək. Çünki bu dəfə onun başının içində görüntünü seyr edə bilməsi üçün daha da kiçik bir insana ehtiyac duyacaqdınız və beləliklə də, bu proses bitmədən davam edəcəkdi. Nəticədə idrak sualının həqiqi cavabını tapa bilmədən sonsuz saydakı gözlər, görüntülər və kiçik insanlarla başa çıxmalı olacaqdınız”.50

Ramaçandranın burada toxunduğu məqam olduqca əhəmiyyətlidir. Beyinin içində görüntü olduğunu fərz etdiyimiz təqdirdə, bu görüntünü beyinin içində seyr edən bir insan olmalıdır. Beləliklə də, sonsuz sayda beyinlərin içində görüntülər, görüntüləri seyr edən kiçik insanlar və onların beyinlərindəki görüntüləri seyr edən kiçik insanlar olacaqdı. Beyinin içindəki görüntünü seyr edən hər hansı bir varlıq olmadığına görə beyinin içindəki görüntü iddiası yalan və məntiqsizdir. Beyinin içi qapqaranlıqdır, işıqsızdır, səssizdir. Beyinin içində rənglər, bir-birindən gözəl çiçəklər, cəh-cəh vuran quşlar yoxdur.

O zaman beyinin içində nə var? Ramaçandran bunun texniki izahını belə verir:

“... İdrak mövzusunu anlamaq üçün ilk növbədə beyindəki görüntülər fikrindən xilas olmaq və obyektlərlə hadisələrin xarici aləmdəki simvolik görüntüləri üzərində düşünmək lazımdır. Bu səhifədə yazılmış abzaslar kimi bir abzas simvolik görüntü ifadəsini çox yaxşı açıqlayan nümunədir. Əgər Çindəki dostunuza mənzilinizin necə göründüyünü göstərmək istəyirsinizsə, mənzilinizi Çinə aparmağınız lazım olmayacaq. Bunun üçün mənzilinizi təsvir edən məktub yazmalısınız. Lakin məktubunuzdakı sözləri və ya abzasları meydana gətirən mürəkkəb qətiyyən fiziki mənada otağınıza bənzəmir. Məktub sizin mənzilinizin simvolik görüntüsüdür.

Beyindəki simvolik görüntünün mənası nədir? Əlbəttə ki, mürəkkəb damlalarından yox, sinir impulslarının dilindən söhbət gedir. İnsan beynində görüntülərin emalı üçün çox sayda yer var. Bunların hər biri görüntüdən müəyyən növdəki məlumatları almada ixtisaslaşmış mürəkkəb neyron şəbəkəsindən ibarətdir. Hər bir obyekt yalnız həmin obyektə məxsus bir sıra fəaliyyətləri hərəkətə keçirir. Məsələn, bir qələmə, kitaba və ya bir insan üzünə baxdığınız vaxt müxtəlif sinirlər aktivləşir və sizin nəyə baxdığınızla bağlı daha yuxarı beyin mərkəzlərini məlumatlandırır. Bu fəaliyyətlərin forması eynilə kağızın üzərindəki mürəkkəb damlalarının sizin otağınızı təsvir və ya simvolizə etməsi kimi vizual obyektləri təsvir və ya simvolizə edir. Vizual prosesləri anlamağa çalışan biz elm adamları üçün hədəfimiz beyinin bu simvolik təsvirləri meydana gətirmək üçün istifadə etdiyi şifrəni açmaqdır. Eynilə şifrə qıranın xarici dildəki mətni deşifrə etməyə çalışması kimi...”51

“Lakin təkcə bu xəritənin varlığı görməni izah edə bilməz, çünki beyinin içində yuxarıda da qeyd etdiyim kimi, birinci dərəcəli görmə qabığının üzərində göstərilənləri seyr edən kiçik insan yoxdur”.52

Riçard Qreqori isə bunu belə ifadə edir:

“Gözlərin beyində obyektlərin qavranılması sayəsində yaranan görüntü meydana gətirdikləri düşüncəsinin cazibəsindən qaçmaq əhəmiyyətlidir. Beyində görüntü olması fikri bütün bunları görəcək daxili gözün də olmasını tələb edir. Lakin bu da həmin görüntünü görə bilən digər gözün olmasını, başqa görüntülərin görünməsi üçün də başqa gözlərin olmasını və s. tələb edəcək. Bu isə heç bir nəticəyə gəlmədən sonsuza qədər bu cür davam edər”.53

Ayova Universitetinin Nevrologiya şöbəsinin professoru və rəhbəri Antonio Damasio “olduqca dürüst şəkildə bunu söyləyə bilərəm ki, şüurun ilk problemi beyində filmi necə meydana gətirə bilməyimizdir“54 deməklə elm adamlarının bu mövzu ilə bağlı düşdükləri çıxılmaz vəziyyəti açıq şəkildə etiraf edir. Aydındır ki, XXI əsr elmi “görən kimdir“ sualını cavabsız qoyur. Şübhəsiz ki, elm adamları beyinin içində bir izləyicinin olduğu fərziyyəsindən imtina ediblər. Lakin bu vəziyyət beyində yaranan görüntü anlayışını elm adamları baxımından daha böyük problemə çevirir. Beyinin içindəki tək bir nöqtə bizə mükəmməl konkretlikdə və incəlikdə dünya təqdim edir. Həm də fasiləsiz olaraq. Bunun texniki və elmi izahı budur. Bəs görəsən yaranan görüntü haradadır?

Oksford Universitetindən psixoloq yazıçı Syuzan Blekmor belə şərh verir:

“Krik* “Gözümüzün qabağında gördüyümüz dünyanın canlı görüntüsü“nün əlaqələrini tapmaq istədiyini söyləyir. Damasio isə bunu “beyinin içindəki kinofilm“ adlandırır. Əgər vizual dünya böyük illüziyadırsa, bu vəziyyətdə bu insanlar axtardıqları şeyi heç vaxt tapa bilməyəcəklər. Çünki nə beyinin içindəki kinofilm, nə də canlı görüntü beyində yoxdur. Bunlar da illüziyanın bir hissəsidir”.55

Syuzan Blekmora görə təmasda olduğumuz hər şey ancaq illüziyadır. Əslində illüziya burada ortaya çıxan vəziyyəti tam şəkildə açıqlaya bilmir. İllüziya zehnimizdə meydana gələn hadisələri fiziki həqiqətlərlə müqayisə etdiyimiz vaxt üzə çıxır. Lakin insan burada xarici aləmdəki dünya, yəni müqayisə edə biləcəyi fiziki həqiqətlə təmasda deyil. Bunların hamısı zehnin yaratdığı şeylərdir və zehin ətrafımızdakı həqiqəti heç vaxt nə görə, nə eşidə, nə də hiss edə bilir. Bunlar yalnız bizə məxsus həqiqətlərdir. Belə olan halda, burada yaranan vəziyyəti illüziya deyil, daha çox xəyal kimi xarakterizə etmək daha doğru olar.

Sahib olduğumuz dünya yalnız bizim hisslərimizdə meydana gəlir. Bu dünyanı bizim gördüyümüz kimi görən, bizə aid hissləri qavrayıb hiss edən, bizim dünyamıza şahid olan heç kəs yoxdur. Gördüklərimiz, beynimizin də bir hissəsi deyil. Beyin də sahib olduğumuz bu xəyali görüntüyə daxildir. Hisslərimiz bizə seyr etdirilən, bizim üçün yaradılmış dünyanı meydana gətirir. Xarici aləmdə həqiqi, maddi dünya var, amma insan buna heç vaxt çata bilmir. Kvant fizikasının pionerlərindən Ervin Şrödingerin ifadə etdiyi kimi, “hər bir insanın gördüyü dünya öz zehninin yaratdığı anlayışdır və daim belə qalacaq. Bu dünya görüntüsünün başqa varlığa sahib olduğu heç vaxt sübut edilə bilməz“.56

Gözümüzün qarşısında zənn etdiyimiz bir obyektə, məsələn, bir kitaba baxaraq qazandığımız təcrübə onu təkcə düşünməklə də qazana bilməyimiz bu həqiqətin əhəmiyyətli dəlillərindəndir. Beyinin içində əslində olmayan bir şeyin görüntüsünü əldə edirik. Vaşinqton Universitetindən psixoloq Maykl Pozner və nevroloq Markus Reyçl beyinin bu qeyri-adi mexanizmi barədə bunları deyirlər:

“Gözlərinizi açın, heç səy göstərmədən bir mənzərəni görəcəksiniz. İndi isə gözlərinizi yumun və həmin mənzərəni düşünün. Bu yolla o mənzərənin görüntüsünü çağıra bilərsiniz, qətiyyən sizin gözlərinizlə gördüyünüz mənzərə qədər canlı və ya tam deyil. Lakin hələ də mənzərənin təməl xüsusiyyətlərinə sahib xüsusiyyətdədir. Hər iki vəziyyətdə də mənzərənin görüntüsü zehində meydana gəlir. Həqiqi vizual təcrübələrlə yaranan görüntü xəyal edilən görüntüdən ayırd edilə bilməsi baxımından “hiss“ adlandırılır. Hiss torlu qişaya toxunan və daha sonra beyində müəyyən əməliyyatdan keçən siqnalları göndərən işığın məhsulu olaraq meydana gəlir. Lakin bu siqnalları göndərmək üçün torlu qişaya heç işıq düşmədikdə görüntünü necə meydana gətirə bilirik?”57

Bir obyekti həmin obyektin əsli olmadığı halda, zehnimizdə meydana gətirən mexanizm, əslinin olduğunu zənn etdiyimiz vaxt onu zehnimizdə meydana gətirən mexanizmlə eynidir. Beləliklə, xarici dünya olaraq gördüyümüz görüntülərin varlığı yalnız illüziya və xəyaldır. Gördüyümüz hər şey, rəngli dünya, dostlarımız, ətrafımızdakı insanlar, hətta öz bədənimiz bu xəyalın bir hissəsidir. Bütün bunların mənbəyi zənn etdiyimiz, yəni xarici aləmin əsli bizim üçün daim naməlum qalacaq.

Bu kölgə dünya işlədiyimiz iş yerini, evimizi, ətrafımızdakı insanları, avtomobilimizi, yediyimiz yeməyi, seyr etdiyimiz filmi, bir sözlə, həyatımızdakı hər şeyi əhatə edir. Evimizə girdiyimiz vaxt əsl evimizə girdiyimizi hiss edirik. Halbuki həqiqi evimizin ona tamamilə bənzəyən, hətta görüntü olduğunu da ehtimal etmədiyimiz surətini zehnimizdə seyr edirik. Evin içində gördüyümüz hər kəsin görüntüsünü yenə zehnimizdə seyr edirik. Bütün həyatımız beynimizin içindəki kiçik məkanda keçir.

Bu mövzu ilə bağlı tədqiqat aparan nevroloq və psixoloqların bir çoxu bu nəticəyə asanlıqla gəlirlər. Lakin “qavrayanın kim“ olduğu sualını adətən cavablandırmırlar. Beyində kiçik insanlar axtarır, bütün bunları qavrayan maddi varlıq tapmağa çalışırlar. Kitablarda, məqalələrdə və konfranslarda buna dair müzakirələrə yer verir, məsələyə aydınlıq gətirə bilməmiş digər elm adamlarını nümunə göstərir və işin içindən çıxa bilmədiklərini iddia edirlər. Halbuki bütün texniki və elmi həqiqətlərin açıq şəkildə göstərdiyi nəticə, bütün bunları qavrayan, görən və hiss edənin insanın sahib olduğu ruhun olmasıdır. Elm adamlarının beyində axtardıqları şey, yəni “görən varlıq“ ruhdur. Bizim “xarici aləm“ kimi qavradığımız həyata dair hər şey, bu ruha seyr etdirilən görüntülərdən ibarətdir. Bu həqiqət bəzi elm adamlarının inandıqları materializmi yox edir. Hər şeyin maddi varlıqlardan ibarət olduğunu iddia edən materialistlər üçün ruhun varlığı qətiyyən qəbul edilməzdir. Məhz buna də “qavrayanın kim“ olduğu sualı materialistlər üçün daim cavabsız qalacaq.

İnsana sahib olduğu ruhu verən Allahdır. Bu ruha eşitdirən, seyr etdirən, hiss etdirən Allahdır. Mükəmməl konkretlikdə, mükəmməl incəlikdə və heyrətamiz canlılıqdakı dünyanı bizim üçün yalnız xəyal olaraq yaradan, ruha bütün bunları yaşayırmış hissini verən, hər şeyi yoxdan yaradan uca Allahdır. Allah ayələrində bu həqiqəti insanlara xəbər verir:

 

Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.

Hansı ki, yaratdığı hər şeyi gözəl şəkildə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,

Sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,

Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 6-9)

 

İstinadlar:

48- Craig Hamilton, What is Enlightenment?, sayı 29, Haziran-Ağustos 2005, s. 70

49- Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/ PrimConsc.html

50- Vilayanur S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 66

51- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 66-67

52- V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 70, 72

53- Richard L. Gregory, Eye and Brain: The Psychology of Seeing, Fifth Edition, Princeton Science Library, 1997, s. 5

54- Antonio Damasio, The Feelings of What Happens “Body Emotion and the Making of Consciousness“, Vintage Books, 2000, s. 9

55- Susan Blackmore, Consciousness “A Very Short Introduction“, Oxford, 2005, s. 64

56- Peter Russell, From Science to God “A physicist‘s Journey into the Mystery of Consciousness“, New World Library, 2002, s. 42

57- Michael I. Posner, Marcus E .Raichle, Images of Mind, Scientific American Library, New York 1999, s. 88

Axtarış
Sosial