İnsan ruhu və yox olan materializm

İnsan ruhu və yox olan materializm

“Həyatınızı yaşamağın təkcə iki yolu var. Birincisi, sanki heç bir şey möcüzə deyilmiş kimi yaşamaq, digəri isə sanki hər şey möcüzə imiş kimi yaşamaqdır. Mən ikincisinə inanıram”. (Albert Eynşteyn) 108

Ruhun varlığı materialistlərin əsrlərdir uğrunda mübarizə apardıqları dinsizliyi elmi cəhətdən aradan qaldırır. Ruhun varlığı materializmi yox edir və Allahın mütləq varlığını göstərir. Hiss edən, görən, eşidən, idrak edən, xoşbəxt olan, çiçəyin qoxusundan zövq alan, musiqi dinləyərkən əhval-ruhiyyəsi qalxan, bədəndən asılı olmayan ruh olduğunu bilmək bütün insanların Allah qarşısındakı məsuliyyətini bilərək yaşamasını tələb edir. Bütün canlıların təsadüfən, bir-birlərindən təkamül yolu ilə meydana gəldiyi və son olaraq da insanın şimpanzelərlə ortaq əcdada malik olduğunu iddia edən təkamül nəzəriyyəsi ruh həqiqətinin qəbul edilməsi ilə tamamilə yox olacaq. Materialistlərin əsrlər boyu müxtəlif təbliğat üsulları ilə meydana gətirdikləri materialist dünya nizamı və dünyagörüşü ruhun elmi cəhətdən qəbul edilməsi ilə alt-üst olacaq.

Materialist elm adamları insanı insan edən xüsusiyyətin ruh olduğunu bilirlər. Lakin bütün bu səbəblərə görə bilmədiklərini iddia edirlər.

Fred Alan Volf bu həqiqəti belə ifadə edir:

“Müasir dövrdə Allah, elm və ruhun bir-birini tamamladığını izah etməyə çalışan ən son nəşr olunmuş kitabların əksəriyyətini araşdırdığınız zaman bu həqiqəti dərhal görəcəksiniz. Ruhu sahib olduğu ən təməl xüsusiyyətləri (bunlar müqəddəslik və ölümsüzlükdür) və əsas məqsədini (şüurun olması üçün lazım olan) görməzlikdən gələrək maddi proses kimi xarakterizə etməyə çalışır və ya ön plana çıxan kitab adlarına baxmayaraq, heç vaxt müzakirə edilmir”.109

Elm adamlarının sözlərindən də məlum olduğu kimi, elmilik, yalnız materializm üzərinə qurulmuş anlayışa çevrilib. Ortaya çıxan doğrunu qəbul etməkdənsə, bunun materializmə uyğunlaşdırılmış halını elm adı altında qəbul edirlər. Bu gün olduqca böyük ziddiyyətlə qarşı-qarşıyayıq. Çünki elm insan şüuru ilə bağlı bütün maddi dünyanı rədd edir, lakin “elmilik” naminə bu elmi həqiqəti görməzlikdən gəlirlər.

Kaliforniya Universitetindən zərrəciklər üzrə fizik Fred Alan Volf bir elm adamı olaraq elmiliyin necə olmalı olduğunu belə təsvir edir:

“Elmin fərqli mərhələlərindən çıxan və məni narahat edən əsas şey qürurumdur. Mənim elmi fikrimlə razılaşmayanların fikirlərinə məhəl qoymamaqla nə qədər da qürurlu davranmışam. Dünyanı gəzib yerli xalq və insanlarla tanış olub vaxt keçirtdikcə qürurumun düzgün olmadığını anladım. Herbert Uellsin hekayəsində bəhs edilən insan kimi elmi cəhətdən kor olan bir ölkədə tək gözlü insan kral ola bilər. Əslində əsil kor mən idim. Kifayət qədər məlumata sahib deyildim. Elmi fikirlərimə bağlı qaldıqca görə bilmirdim. Mən hər şeyi gördüyümü düşünürdüm, lakin əslində heç bir şeyi görə bilmirdim. Buna görə də, əvvəllər həqiqət olduğunu zənn etdiyim şeyləri tərk etmək məcburiyyətində qaldım və beləliklə də bu insanların görə bildiklərini mən də gördüm. Sonunda bu yeni fikrə sahib olduğum vaxt elmə olan dünyagörüşüm dəyişdi. Beləliklə, elmi, kainatda olan ən vacib şey kimi yox, vasitə kimi görməyə başladım. Elm insan ola bilməyin nə demək olduğunu daha dərindən araşdırmağımıza kömək edən vasitədir. Lakin məncə hələ bu səviyyəyə çatmamışıq. Məncə hələ də oyanmamışıq. Hal-hazırda hələ də hamımız yatır və daima içində olduğumuz bataqlıqdan bizi qurtarması üçün zehnimizə mexaniki olaraq güvənib yuxu görür, ümid edir və istəyirik. Nə vaxt ki, qəlbimizi və ruhumuzu beynimizlə birgə işlətsək, məhz o vaxt elm yeni dünya nizamına uyğunlaşmağa başlayacaq”.110

Fred Alan Volfun burada vurğuladığı həqiqət odur ki, elm kainatda hakim olan yaradılışı anlamaq üçün yalnız vasitədir. Hər şeyi belə üstün yaradan yalnız Allahdır. Hər şeyin sahibi, yeganə həqiqi varlıq Allahdır. İnsan beynindən və elmdən istifadə edərək Allahın yaratdıqlarını görə, onları kəşf edə və bunlar üzərindəki sənəti və üstünlüyü qavraya bilər. Elm Allahın əsərlərinə çatmaq və onlardakı incəlikləri görmək üçün ancaq bir vasitədir.

Bu həqiqəti görmüş digər bir yazıçı isə “What is enlightenment?” jurnalının redaktorlarından Kreq Hamiltondur:

“İllər boyu dindən uzaq yetişdirilməyimə baxmayaraq, özümü mənəvi axtarışa həsr etdim və qısa müddət ərzində elmlə bağlı dərsliklərdə təsvir ediləndən çox fərqli həqiqəti hiss etməyə başladım. Məna, məqsəd və sirlə dolu bu dünya ortaya çıxdıqca elmin bütün həqiqəti açıqlaya bildiyi iddiasını qəbul etməyim getdikcə çətinləşdi.

Təkamülçü bioloqların uşaqlarımızı məqsədsiz kainatda yaşadıqlarına inandırmaq üçün neo-darvinizmin sübut edilməmiş ehkamlarından istifadə etdiklərini görürəm və elmə olan simpatiyanı bir daha itirirəm”.111

Materialist elm adamlarının da bu həqiqəti görmələri əhəmiyyətlidir. Çünki “qavrayan kimdir?“ sualının təkcə bir cavabı var və bu cavab artıq fiziki məna daşımır. Qavrayan Allahın insana verdiyi ruhdur. İnsanlar bunu bilmədikləri və ya bilmirmiş kimi davrandıqları müddətcə şüurla bağlı apardıqları tədqiqatların və verdikləri açıqlamaların heç bir əhəmiyyəti yoxdur. Kvant fizikasının göstərdiyi həqiqət açıq şəkildə görməzliyə vurulacaq. Aydındır ki, insanı insan edən amil materialistlərin iddia etdikləri hər cür maddi anlayışdan uzaqdır. Buna maddi açıqlama axtarmaq həqiqəti tamamilə görməzlikdən gəlməkdir və vaxt itkisidir.

Beynimizdəki görüntünü seyr edən ruhumuzdur. Beynimizdəki qoxuları, dadları qavrayan, birinə toxunduğu zaman onu hiss edən, qarşımızdakı insanı dinləyən ruhumuzdur. Bir çox dəlillə izah etdiyimiz və elmi cəhətdən sübut edilmiş həqiqət odur ki, qavrayan beyin deyil. Tanınmış filosof Berqsonun ifadə etdiyi kimi, “dünya xəyaldan ibarətdir, bu xəyallar yalnız bizim şüurumuzda mövcuddur, beyin də bu xəyallardan biridir“.112 Belə olan halda, seyr edən, sevinən, düşünən, şəfqət duyan, yeməyin ləzzətli olduğunu görən, zövq alan, yumşaqlığı hiss edən yalnız ruhumuzdur. İnsanı insan edən xüsusiyyət öz bədənindən asılı deyil. Hər hansı bir mənzərəni seyr edib zövq alan, kiçik bir sərçəyə şəfqət duyan, yeməyin ləzzətini hiss edən, gözəl musiqi dinləməkdən həzz alan, çətin qərarlar qəbul edən, düşünüb doğrunu tapan, öz mənliyini araşdıran insanın ruhudur.

Kvant fizikasının pionerlərindən, tanınmış fizik Ervin Şrödinger yalnız maddi bədənin hisslər aləminin açıqlaması ola bilməyəcəyini belə açıqlayır:

“...Uşağınıza yeni oyuncaq aldığınız vaxt sevincli gözlərini yada salın və qoyun həkim sizə bu gözlərdən heç nəyin yayılmadığını desin. Həqiqətdə onların (gözlərin) obyektiv olaraq tək hiss edilə bilən funksiyası daimi toqquşan işıq kvantlarını qəbul etməkdir. Həqiqətdə! Qəribə həqiqətdir! Onda (bu həqiqətdə) çatışmayan bir şeylər varmış kimi görünür...”113

Görəsən insanın düşüncələrinin, mühakimə qabiliyyətinin, qərar vermə mexanizminin, sevinc, həyəcan, məyusluq kimi duyğularının beyindəki neyronların hərəkətlərinin bir nəticəsi olduğunu düşünmək məntiqlidirmi? Şüursuz atomlar birləşərək sevinməyi, kədərlənməyi, ləzzəti, dostluğu, söhbət zövqünü bilirlərmi? Şüursuz atomlar birləşərək beyini araşdıran, bu barədə şərhlər verən, şüur ​​mövzusunda baş sındıran və bir nəticə çıxartmağa çalışan elm adamlarını meydana gətirə bilərmi? İnsanı insan edən, ona xarici aləmi hiss etdirən təkcə bədəninin içində dövr edən elektrik siqnalları deyilmi?

Qərar verən, darıxan, rəğbət bəsləyən, gözəlliyə heyran qalan beyindəki hansı neyrondur? Əgər bunların hamısını şüur ​​gerçəkləşdirirsə, o ​​beyindəki hansı neyrondadır? Yeri haradır? Hansı kimyəvi reaksiya şüuru meydana gətirir? Hansı kimyəvi reaksiya bir insanın almanı sevməsinə, ispanağı xoşlamamasına qərar verir? Əgər hər şey beyində baş verirsə, o zaman düşünən hansı neyrondur? Qərar verən hansıdır? Qərarlarına görə həyəcan hissi keçirən neyron haradadır? Materialistlər bütün bu sualları cavablandırmalıdırlar. Əgər “hər şeyin mənbəyi şüurdur“ nəticəsinə gəliblərsə, o zaman şüurun beyinin içindəki yerini göstərməlidirlər. Əgər hər şey maddi dünyadan ibarətdirsə, bunu etməlidirlər. Əgər bunu edə bilmirlərsə, deməli, insan neyron və ya atom yığınından ibarət deyil. Şüurun olduğu yer beyinin gizli hissəsi deyil. Şüur bədənin hər hansı bir yerində gizlənməyib. İnsan bütün materialist anlayışlardan uzaqdır. İnsan metafizikdir, sahib olduğu ruh sayəsində insan xüsusiyyəti qazanır. Bu ruh yalnız Allaha məxsusdur.

Freydin həmkarlarından  tanınmış isveçrəli psixiatr Karl Yunq mövzu ilə bağlı bu açıqlamanı verir:

“...Elm bütün məlumatın içində kök saldığı ruhun bir funksiyasıdır. Ruh bütün universal möcüzələrin ən böyüyüdür. Bir obyekt olaraq o dünyanın “conditio sine qua non”udur (zəruri şərt). Qərb dünyasının (çox az istisnaları çıxmaq şərti ilə) bu varlığı bu qədər az qiymətləndirirmiş kimi görünməsi olduqca təəccüblüdür”.114

İnsan sahib olduğu ruhla qürur, sevgi, hörmət, dostluq, vəfa, dürüstlük kimi anlayışlara sahib olan, mühakimə edən, fikirlərə qarşı çıxa bilən varlıqdır. Necə ki, barmağımızın ucundakı bir hüceyrə düşünüb qərar vermə, kədərlənib sevinə bilmə kimi qabiliyyətlərə sahib ola bilməzsə, beyindəki oxşar quruluşa sahib neyronların da bu metafizik xüsusiyyətlərə sahib olma imkanları yoxdur. Bu bütün insanların asanlıqla görə biləcəyi, elmi dəlillərə ehtiyac duymadan asanlıqla qavraya biləcəyi həqiqətdir.  Materialistlər də bu həqiqəti görürlər. Lakin materialist ön mühakimələri, elmin yalnız maddi varlıqlardan ibarət olduğunu güman etmək yanılması onları həqiqətləri dəyişdirməyə sövq edir. Halbuki materializmi müdafiə etmək naminə qəbul etdikləri ciddi məntiqsizlik göstəricisi olur. “Düşüncələrimiz atomlarımızın məhsuludur“ deyən insanın yuxularını həqiqi zənn edən və ya ağlasığmaz nağıllar uydurub sonra da bunlara inanan insandan heç bir fərqi yoxdur. Lakin materialistlər Allahın varlığını qəbul etmək əvəzinə bu alçaldıcı vəziyyətə düşməyi gözə alırlar.

Həqiqət budur ki, insan Allahın verdiyi ruh sayəsində hiss edən, düşünən, danışan, sevinən, xoşbəxt olan, qərarlar qəbul edən, ölkələri idarə edən, cəmiyyətlərə hökm edən varlıqdır. İnsan Allahın ruhunu daşıyır və bu ruh sonsuzdur. Bədən bu dünya üçün ancaq bir vasitədir. İnsan ölümü ilə birlikdə bədənini dünyada qoyacaq, lakin ruhu varlığını davam etdirəcək. Bu dəfə isə həyatını davam etdirəcəyi yer ya əbədi cənnət, ya da əbədi cəhənnəm olacaq.

 

Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə ruhu (vəhyi) qullarından istədiyinə nazil edir ki, o, insanları Görüş günü ilə xəbərdar edib qorxutsun. O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün mülk kimə məxsusdur? Tək olan, Qəhhar olan Allaha!” Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Mümin surəsi, 15-17)

 

İstinadlar:

108- http://www.spiritsite.com/writing/ kattar/part6.shtml

109- Fred Alan Wolf, The Spiritual Universe “One Physicist‘s Vision of Spirit, Soul, Matter and Self“, Moment Point Press, 1999, s. 9

110- Robert Lawrence Kuhn, Closer To Truth “Challenging Current Belief“, McGraw-Hill, 2000, s. 58

111- Craig Hamilton, What is Enlightenment?, no. 29, June-August 2005, s. 64

112- Henri Bergson, Matter and Memory, Zone Books, New York, 1991.

113- E. Schrödinger, What Is Life? and Mind and Matter, Cambridge University Press, Cambridge, 1992, s. 123

114- E. Schrödinger, What Is Life? and Mind and Matter, Cambridge University Press, Cambridge, 1992, s. 119-120

Axtarış
Sosial