Səslər yalnız beynimizdə mövcuddur

Səslər yalnız beynimizdə mövcuddur

Eşitmə prosesi eynilə görmə prosesi kimidir. Səs şəklində bizə çatan məlumatlar eynilə görüntüdə olduğu kimi, yalnız elektrik siqnallarıdır. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə toplayıb orta qulağa ötürür. Orta qulaq səs titrəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq isə bu titrəyişləri səsin gərginliyinə və tezliyinə görə elektrik siqnallarına çevirərək beyinə göndərir. Beyində bir neçə mərhələdən sonra siqnallar son mərhələdə emal olunur və şərh edilmək üçün eşitmə mərkəzinə ötürülür. Beləliklə eşitmə prosesi də beyindəki eşitmə mərkəzində baş verir.

Lakin burada vacib məqama diqqət etməliyik. Eynilə görüntülər kimi, səslər də beynimizdən kənarda hər hansı yerdə deyil. Daha çox insan şüuru ilə bağlı tədqiqatları ilə məşhur olan Kembric Universitetinin Riyaziyyat və nəzəri fizika fakültəsindən Piter Rassel bu vəziyyəti belə açıqlayır:

“Yepiskop Berkli hisslərimizdən başqa heç nəyin olmadığı fikrini müdafiə etdikdən sonra əgər onu eşidən heç kim yoxdursa, yerə düşən ağac səs çıxararmı mübahisəsi başladı. O dövrlərdə səsin havada necə ötürüldüyünə və ya qulağın yaxud da beyinin öz funksiyasını necə yerinə yetirdiyinə dair heç nə məlum deyildi. Hazırda burada qeyd olunan əməliyyatlar barədə çox şey bilirik və bunun cavabı açıq şəkildə “xeyr“dir. Fiziki reallıqda heç bir səs yoxdur, təkcə havada təzyiq dalğaları var. Səs yalnız qavrayanın onu qavraması nəticəsində mövcud olur. Bu ya insan, ya maral, ya quş, ya da bir qarışqadır.” 58 (vurğu mənbədəki kimidir).

Bizim üçün səs ancaq biz onu qavradığımız müddətcə mövcuddur. Ancaq burada vacib bir məqam daha var. Eynilə görüntülər kimi, səslər də beynimizin içində deyil. Beyində olan ancaq elektrik siqnallarıdır. “Həqiqi“ hesab etdiyimiz hər cür səs beynimizin içindəki bu elektrik siqnallarının məhsuludur. Dostumuzla söhbət edərkən, onun üçölçülü görüntüsünü siqnallar sayəsində beynimizdə mükəmməl şəkildə hiss edir, ondan gələn səsi də həmin dərinlik hissini təsdiq edən şəkildə eşidirik. Dostumuz uzaqdadırsa, səsin uzaqdan gəldiyindən əmin oluruq. Halbuki bu səs nə uzaqda, nə də yaxındadır. Yalnız elektrik siqnalı olaraq mövcuddur. Bu səs beynimizin içində də deyil. Beynimizin içində səssizlikdir. Nə qədər izdihamlı və gurultulu bir mühitdə olsaq da, beynimizin içində səs yoxdur. Elektrik siqnallarının ötürdüyü xəbərdarlıqlar bizə xarici aləmdə izdihamlı və gurultulu bir dünyanın mövcud olduğu məlumatını verir. Halbuki nə xarici aləmdəki bu izdihamlı və gurultulu dünyaya çata bilər, nə də onları beynimizin içində meydana gətirə bilərik. Səs bizim qavradığımız bir şeydir.

Piter Rassel bu həqiqəti belə açıqlayır:

“Skripkanın musiqisini eşidirəm. Lakin eşitdiyim səs zehnimdə yaranır. Bunun kimi bir səs xarici aləmdə yoxdur, təkcə titrəşən hava molekulları var.”59

Səsləri eşidərkən görüntü ilə bağlı yaşadığımız eyni yanılma baş verir. Səslərin xarici aləmdən gəldiyini zənn edirik. Halbuki bizim qavradığımız səslər bizim üçün meydana gətirilmiş kölgə dünyanın bir hissəsidir. Eynilə bu dünyaya aid görüntülər, dadlar, qoxular və hisslər kimi səslər də bizə məxsus siqnalların beynimizdə yaratdığı hisslərdir. Xarici aləmdə mövcud olduğunu düşündüyümüz izdihamlı mühitin səs-küyü, dostumuzun səsi və dinlədiyimiz musiqi yalnız bizə məxsus hisslər aləmində meydana gəlir. Bütün bunların xarici aləmdəki əsilləri ilə eyni olub olmadığını bilməyimiz mümkün deyil. Çünki beynimizdən kənara çıxaraq həqiqi dünyaya çatmağımız heç vaxt mümkün deyil.

İstinadlar :

 

58- Peter Russell, From Science to God “A physicist‘s Journey into the Mystery of Consciousness“, New World Library, 2002, s. 50

59- http://www.peterussell.com/SP/PrimConsc.html - Peter Russell, The Primary of Consciousness

 

Axtarış
Sosial