Rənglər ancaq beynimizdədirmi?

Rənglər ancaq beynimizdədirmi?

İşıq yalnız beynimizdə yaranan hissdən ibarətdir. Ona görə mənbəyi işıq olan və bütün həyatımızı əhatə edən rənglər beyinin şərhindən başqa bir şey deyil.

Hər bir tezlikdəki fotonlar rəng adlanır. Fotonun titrəşmə ölçüsünə görə rəngləri bir-birindən ayırd edirik. Yəni qırmızı bizim üçün fərqli titrəşmə ölçüsünün, sarı isə digər bir titrəşmə ölçüsünün meydana gətirdiyi rəngdir. Kağız ağdır, çünki hər tezlikdəki fotonu əks etdirir. Yarpaq yaşıldır, çünki yalnız yaşıl rəng hissi oyadan tezliklərdəki fotonları əks etdirir, geridə qalanları isə udur. Şüşə şəffafdır, çünki fotonlar demək olar ki, heç bir mane ilə üzləşmədən şüşədən keçərək bizə çata bilirlər. Qara parça bütün fotonları udduğu üçün heç nə əks olunmur. Yəni buradan gözümüzə fotonlar gəlib çatmır, biz də onu qaranlıq, yəni qara hesab edirik. Güzgü görüntünün surətini əks etdirir, çünki əks etdirmə səthi hamardır və gələn şüalar ona toxunub istiqamətlərini dəyişdikləri anda bir-birlərinə olan paralellikləri demək olar ki, heç dəyişmir.

Rəngin qavranılması prosesi gözün torlu qişa təbəqəsindəki kolbacıqlarda başlayır. Torlu qişada işığın müəyyən dalğa uzunluğuna cavab verən üç əsas kolbacıq qrupu var. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü isə yaşıl işığa həssasdır. Bu üç fərqli kolbacıq hüceyrəsinin müxtəlif dərəcədə qıcıqlandırılması nəticəsində milyonlarla fərqli rəng çaları yaranır. Lakin işığın kolbacıq hüceyrələrinə çatması rənglərin meydana gəlməsi üçün kifayət deyil. Con Hopkins Universiteti tibb fakültəsinin tədqiqatçısı Ceremi Natans (Jeremy Nathans) gözdəki hüceyrələrin rəngləri yaratmadığını belə ifadə edir:

“Kolbacıq hüceyrəsi ancaq işığı tutub onun intensivliyi barədə məlumat verir. Rəng haqqında sizə heç nə demir”.36

Kolbacıq hüceyrələri qəbul etdikləri bu rəng məlumatlarını sahib olduqları piqmentlər sayəsində elektrik siqnallarına çevirirlər. Bu hüceyrələrə bağlı sinir hüceyrələri də elektrik siqnallarını beyindəki xüsusi nahiyəyə çatdırırlar. Məhz həyatımız boyu gördüyümüz rəngarəng dünyamızın yarandığı yer beyindəki bu xüsusi nahiyədir.

Bəs beyinin bu nahiyəsində hər hansı rəng varmı?

Beyinin bu xüsusi nahiyəsi eynilə beyinin digər nahiyələri kimi qapqaranlıqdır. Burada heç bir işıq, heç bir rəng yoxdur. Beyinin bu nahiyəsində qırmızı, yaşıl, sarı, ağ rəng yoxdur. Rəngbərəng çiçəkli bağçaların, gözümüzü qamaşdıran günəş şüalarının əksi yoxdur. Gömgöy səma, yamyaşıl ağaclar yoxdur. Kəllə qutusunun içi zülmət qaranlıqdır. Gözlərimizdən içəriyə doğru işığın daxil olduğunu zənn edirik. Halbuki nə gözlərimizdən kənarda, nə də gözlərimizin arxasında işıqdan əsər-əlamət yoxdur.

Rənglərin yaranması obyektlərin işığı əks etdirmə xüsusiyyətindən irəli gəlir. Xarici aləmdə işıq olmadığına görə rənglərin varlığından söz gedə bilməz. Bəs “xarici aləmdə” qavradığımız rəngli dünya haradadır? Bu rəngli dünya nə xarici aləmdən bizə çata bilər, nə də beynimizin içində meydana gələ bilər. Rəngli dünyanı biz qavrayırıq. Biz belə şərh etdiyimiz üçün belədir.

Kembric Universitetinin riyaziyyat və nəzəri fizika fakültəsindən Piter Rassel bu vəziyyəti belə təsvir edir:

“Xarici aləmdəki” dünyanın bizim müşahidə etdiyimizdən olduqca fərqli olduğu həqiqəti bir çox insanı təəccübləndirir. Yaşıl rənglə əlaqədar təcrübələrimizi qiymətləndirin. Fiziki dünyada müəyyən tezlikdə işıq mövcuddur, lakin işığın özü yaşıl deyil. Gözdən beyinə çatan elektrik impulsları da yaşıl deyil. Orada heç bir rəng yoxdur. Gördüyümüz yaşıl rəng bu işıq tezliyinə cavab verən zehində görünən xüsusiyyətdir. Zehnin yalnız obyektiv təcrübəsi kimi mövcuddur”.37 (vurğu orijinaldakı kimidir)

Rənglər eynilə işıq kimi beyinin şərhi ilə meydana gəlir. Gördüyümüz görüntülərdə mövcud olan işıqlı və rəngli dünya yalnız bizim bu şəkildə qəbul etdiyimiz radiasiya növlərinin yaratdığı dünyadır*. Şərh etmək tamamilə bizə aiddir. Bristol Universitetindən fəxri nevropsixologiya professoru Riçard Qreqori “Eye and brain” (Göz və beyin) adlı kitabında bu həqiqəti belə yekunlaşdırır:

“İşıq sözün əsl mənasında rəngli deyil. İşıq parlaqlıq və rəng hisslərini verir. Lakin bunu ancaq münasib göz və sinir sistemi ilə bacara bilər.”38

Gözdə meydana gələn zədə və ya struktur fərqliliyi gələn fotonları müxtəlif elektrik siqnallarına çevirəcək və beyindəki görmə mərkəzi eyni xüsusiyyətdə də olsa, göz tərəfindən emal olunan siqnallar eyni cismin çox fərqli formalarda qəbul edilməsinə səbəb olacaq. Daltoniklərlə normal görənlərin müəyyən rəngləri çox fərqli qəbul edib şərh etmələrinin səbəbi budur.

Bütün bunların ortaya çıxartdığı həqiqət budur ki, “xarici aləm“ hesab etdiyimiz məkan qaranlıqdır. Əslində qaranlıq anlayışı da aldadıcı ola bilər. Orada heç bir rəng yoxdur. Rənbərəng rənglərlə bizə təqdim edilmiş üç ölçülü, işıqlı dünya tamamilə aldadıcıdır. Bizim işıq və ya rəng kimi şərh etdiyimiz foton hərəkətləri zülmət qaranlıq mühitdə baş verən fiziki hadisələrdən başqa bir şey deyil. Göz də daxil olmaqla bütün bədənimiz, eləcə də üç ölçülü, rəngarəng məkan kimi gördüyümüz bütün maddi aləm bu boşluqda yerləşir. Bunu bizim gördüyümüz kimi şərh edən ancaq beyindir. Lakin işin maraqlı tərəfi odur ki, bütün bunları qavrayan gözün və bütün bunları şərh edən beyinin də zülmət qaranlıq olmasıdır. İşıq və rəng onu şərh edən beyinin içində də deyil.

Şüur və beyinlə bağlı bir çox tədqiqatlar aparan Tufts Universitetindən fəlsəfə professoru Daniel C. Dennett bu həqiqəti belə yekunlaşdırır:

“Ümumi fikrə əsasən elm rəngləri fiziki dünyadan çıxardıb yerinə yalnız rəngsiz, müxtəlif dalğa uzunluğundakı elektromaqnit şüaları gətirdi”.39

Dennett başqa bir kitabında rənglərin yaranması barədə bunları deyir:

“Dünyada rəng yoxdur. Rəng yalnız baxanın gözündə və beynində meydana gəlir. Obyektlər işığın müxtəlif dalğa uzunluqlarını əks etdirir, lakin bu işıq dalğaları rəngsizdir”.40

Rəng insanın xarici aləmdəki işığı qavrama forması ilə bağlı olduğuna görə bizim qavradığımız dünyanın başqaları üçün də eyni olub-olmadığını bilməyimizə imkan yoxdur. Birinin qırmızı kimi gördüyü rəngin bizim üçün də eyni qırmızı olduğunu heç vaxt bilmərik. “Rəngarəng“ anlayışı bəlkə bizim üçün milyonlarla fərqli rəngin birlikdə olması kimi ifadə etdiyimiz bir anlayışdır. Lakin başqa insan olduqca məhdud sayda rəng müxtəlifliyi görür və bunu yenə “rəngarəng“ kimi şərh edə bilər. Bizim qavradığımız hisslə bizimlə birlikdə eyni obyektə baxan digər insanın qavradığı hissi müqayisə etmək imkanımız yoxdur. Biz eyni şeyə baxdığımızı zənn edirik. Lakin bəlkə də bizim və qarşımızdakı insanın qavradığı bir-birindən olduqca fərqlidir. Xarici aləmi qavrama formamız beş duyğu orqanı ilə məhdudlaşdığına görə mavinin qarşımızdakı insan üçün də eyni mavi rəngdə, qəhvənin dadının da qarşımızdakı insan üçün eyni dadda olduğunu qətiyyən bilə bilməz və bunu təsvir edə bilmərik.

Daltonizm xəstəliyi rənglərin yalnız beynimizdə meydana gəldiyinin əhəmiyyətli dəlillərindəndir. Məlum olduğu kimi, gözün torlu qişasında yaranan cüzi dəyişiklik daltonizmə səbəb olar. Bu vəziyyətdəki bir çox insan yaşılla qırmızını bir-birindən ayırd edə bilmir. Bizim üçün yaşıl olan bir şey onlar üçün tamamilə fərqli rəngdədir. Bunun səbəbi rəng anlayışını fərqli qavramağımızdır. Bizim yaşıl olduğundan əmin olduğumuz bir şeyi qarşı tərəfin boz rəngdə görməsi onun yanıldığını göstərmir. Hansının doğru olduğunu heç vaxt bilmərik. Çünki hər ikisi də hissdir və bunun gerçəkliyini sınaqdan keçirmək və müqayisə etmək imkanımız yoxdur. Həm yaşıl, həm də boz hissi insanların öz təcrübələridir və bu fərdi təcrübələrin gerçəkliyi həmin insanın şərhindən asılıdır.

Buradan belə nəticə çıxır ki, varlıqlara isnad etdiyimiz bütün xüsusiyyətlər “xarici aləmdəki əsillərinə“ deyil, beynimizdəki görüntülərinə aiddir. Biz heç vaxt hisslərimizdən kənara çıxıb xarici aləmi bilməyəcəyimiz üçün maddələrin və ya rənglərin əslini də görə bilmərik. Tanınmış filosof Berkli də bu reallığa bu sözləri ilə diqqət çəkir:

“Bir sözlə, eyni şeylər eyni vaxtda bəziləri üçün qırmızı, bəziləri üçün isti, bəziləri üçün tam əksi ola bilirsə, bu bizim illüziyaların təsiri altında olduğumuz və “şeylər”in ancaq zehnimizdə mövcud olduğu deməkdir...”41

Avstraliyanın Adelaida Universitetində çalışan Oksford Universitetindən Cerald Obrayn (Gerald O‘Brien) bir radio kanalına verdiyi müsahibədə bu mövzu ilə bağlı bunları deyir:

“Xarici aləmə baxdığımız vaxt obyektləri rəngli görürük və bu rənglərin də əslində bütün gördüyümüz obyektlərə aid olduğunu düşünürük. Lakin hal-hazırda bunun belə olub olmaması ilə  əlaqədar olduqca maraqlı bir sual ortaya çıxır. Bir çox filosof bizim gördüyümüz rənglərin, bu rənglərin xüsusiyyətlərinin əslində dünyanın daxilimizdə meydana gələn simvolik görüntüsünün xüsusiyyətləri olduğunu iddia edir. Buna görə də dünyanın özünəməxsus belə rəngləri yoxdur. Bu səbəbdən zehnimizdən kənarda və yaşadıqlarımızdan müstəqil dünya əslində rəngsizdir... Məsələn, siz almaya baxmadığınız vaxt o yenə qırmızı rəngdədirmi? Düşündüyümüz vaxt dünyanın bizim gördüyümüzü düşündüyümüz rəngdə olduğunu güman etmək əslində bizim şovinist yanaşma tərzimizdir. Çünki artıq bu planeti bölüşdüymüz digər canlıların fərqli rəng sistemləri olduğunu və bəzi vəziyyətlərdə rəngləri bir-birindən daha az ayırd etdiklərini və bunun nəticəsində dünyanı əslində bizim gördüyümüzdən fərqli rənglərdə qavradıqlarını bilirik. Bu səbəbdən də biz dünyanı müəyyən rənglərdə görürük, lakin, bəlkə də, heyvanlar fərqli rəng qrupu içərisində görürlər. Belə olduğu halda, niyə bizim gördüyümüzün doğru olduğunu düşünək? Dünyanın sahib olduğu rənglərin əslində bizim gördüklərimiz olduğunu haradan bilə bilərik? Bəlkə də bunlar təkcə bizim və heyvanların meydana gətirdiyi görüntülərin mahiyyəti ilə bağlı dünyanı kodlaşdırmağın iki fərqli üsuludur”.42

Obraynın mövzu ilə əlaqədar müəyyənləşdirdiyi şey həqiqətən də “xarici aləmdəki gerçəkliyin“ necə bir şey olduğunu öyrənmək baxımından əhəmiyyətlidir. Bizdən başqa digər canlıların da xarici aləmdə işıq gördüklərinə və ya rəngləri bizim kimi qavradıqlarına dair heç bir dəlil yoxdur. Bizim qənaətimizin ən doğru olduğunu göstərən elmi dəlil əldə etməyimiz də qeyri-mümkündür. Belə olan halda, xarici aləmlə əlaqədar ancaq zənnlərə və təxminlərə sahibik. Çünki xarici aləmi bildiyimiz şəkildə qavramağımız beş duyğu orqanından asılıdır.

 

İstinadlar:

36- A report from the Howard Hughes Medical Institute, “Seeing, Hearing, and Smelling the World“, published in 1995, pp. 22, http://www.alchemical.org/optics/Senses-HowardHughesMedCenter.pdf; http://www.hhmi.org/seeing-hearing-and-smelling-world.

37- Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html

38- Richard L. Gregory, Eye and Brain: The Psychology of Seeing, Fifth Edition, Princeton Science Library, 1997, s. 84

39- Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, The MIT Press, Cambridge, 1998, s. 142

40- Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, s. 142

41- George Politzer, Felsefenin Başlangıç İlkeleri, Sosyal Yayınları, Çev: Enver Aytekin, İstanbul: 1976, s.40

42- Natasha Mitchell, Is the Visual World a Grand Illusion?, Radyo Programı, 18 Ocak 2004, http://www.abc.net.au/radionational/programs/allinthemind/is-the-visual-world-a-grand-illusion/3535800

Axtarış
Sosial